ZG

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qarabağ müharibəsi qaziləri, “Azərbaycan Bayrağı” ordenli, ehtiyatda olan polkovniklər Hikmət Ağayev, Xətai Baxışov, Vətən müharibəsi şəhidi İzzət Həmidovun anası Vəfa İzzətli, eləcə də BXA-nın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qəhrəmanlığından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbənin əhəmiyyətindən geniş bəhs edilib.

Vurğulanıb ki, Zəfər Günü xalqımızın milli qürur və dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarixi Qələbə uzun illər davam edən torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanın gücünü, iradəsini və sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirib.

Tədbirdə iştirak edən ehtiyatda olan hərbçilər Zəfərə aparan şanlı döyüş yolundan, Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi şücaətdən və tarixi Qələbənin qazanılmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdən danışıblar. Gənclərə Vətənə sevgi, dövlətə sədaqət və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tövsiyələr verilib.

Şəhid İzzət Həmidovun anası Vəfa İzzətli çıxışında oğlunun döyüş yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan və şəhidlik zirvəsinə ucalmasından danışıb. O, Vətən uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyərək, onların əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyini vurğulayıb.

Tədbirin bədii hissəsində BXA tələbələrinin ifasında vətənpərvərlik ruhunda rəqs kompozisiyaları təqdim olunub.

Həmçinin dahi bəstəkar Müslüm Maqomayevin musiqisi əsasında hazırlanmış rəqs nömrəsi və Hikmət Məmmədlinin “Azərbaycanım” musiqisi ilə müşayiət olunan kompozisiya nümayiş etdirilib.

Tədbirin təşkilində BXA-nın müəllimləri Aygül Qurbanova və Mehriban Haqverdiyeva xüsusi rol oynayıblar.

Comments are disabled