As e1780473806137 893x1024

Bakı Xoreoqrafiya Akademiyası 2026/2027-ci tədris ili üçün tam orta məktəbə şagird qəbulu elan edir

 

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİ
BAKI XOREOQRAFİYA AKADEMİYASI
TAM ORTA MƏKTƏB

 TƏLƏB OLUNAN SƏNƏDLƏR:

1.Tam orta məktəbin direktorunun adına ərizə;
2.Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti;
3.Tibbi vərəqə (Sağlamlıq haqqında arayış – Forma №026);
    – kardioloq,oftalmoloq,nevropatoloq və pediatr rəyi mütləqdir;
    – anadangəlmə və sonradan qazanılmış xəstəliklərin olmaması mütləqdir;
4.Ümumtəhsil məktəbinin müvafiq sinfini bitirməsi haqqında qiymət cədvəlinin sürəti;
5.Xüsusi qabiliyyəti olanlara təsdiqedici sənədlərin surəti (Diplom, Sertifikat);
6.3×4 ölçülü foto şəkil (4 ədəd);
7.Yaşayış yerindən arayış;
8.Valideynlərin iş yerindən arayış;
9. Tədris Azərbaycan və rus dillərində aparılan I siniflər üçün elektron qeydiyyat; (www.mektebebeqebul.edu.az ərizənin surəti).

Qeyd: Tədris rus dilində aparılan I siniflər üzrə müsabiqəyə həmin dil üzrə şifahi nitq bacarıqlaırının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibədən uğurla keçən uşaqlar buraxılır.

                        (AR Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən komissiyanın rəyi)

TƏLƏB OLUNAN SƏNƏDLƏR MÜVAFİQ QOVLUQDA TƏQDİM OLUNMALIDIR!           

Sənədlər həftə içi saat 09:00-dan 16:30-dək aparılır.

(Ünvan:Rəşid Behbudov küç.75 BXA 2-ci mərtəbə.
Tam orta məktəb Tel:597-51-89); ([email protected])

Qeydiyyat 18 02 2026 15 13 25 1024x683

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə tələbə qəbul qaydaları

 

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18‑dən martın 5-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, Abituriyentin elektron ərizəsi formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Yuxarıda qeyd olunan kateqoriyalardan olan abituriyentlər barədə məlumatı DİM müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla alır.

Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2025-ci ildə qəbul imtahanında (buraxılış imtahanında) iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edir. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.

Sənəd Qəbulu Komissiyalarının ünvanları və tələb olunan sənədlərlə tələbə qəbulu elanının geniş mətnində tanış ola bilərsiniz.

 

 

Qeydiyyat 18 02 2026 15 13 25 1024x683

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır.

 Ərizə qəbulunun 1-ci mərhələsi (bütün abituriyentlər üçün)

Ərizə qəbulunun birinci mərhələsi 2026-cı il fevralın 18-dən martın 5‑dək  həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub, Abituriyentin elektron ərizəsi formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Qeyd 1: Orta ümumtəhsil müəssisələrinin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir xarici dil üzrə imtahan vermək istəyən, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanını orta məktəbdə təhsil aldığı dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları da martın 5-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 19 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Bundan əlavə, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən cari ilin məzunları da martın 5-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 19 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər.

Qeyd 2: 2025-ci ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.

Qeyd 3: V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) də fevralın 18-dən martın 5-dək qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün qəbul imtahanının I mərhələsində iştirak üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

 “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdi ödənişsizdir).

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Yuxarıda qeyd olunan kateqoriyalardan olan abituriyentlər barədə məlumatı DİM müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla alır.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron ərizələrini doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.

Ərizə qəbulu ilə bağlı daha ətraflı məlumat və SQK-ların ünvanları ilə elanın geniş mətnində tanış ola bilərsiniz.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2025-ci il fevralın 18-dən martın 5-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub,Abituriyentin elektron ərizəsi formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının geniş mətni ilə buradan tanış ola bilərsiniz.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının bütün mərhələlərində Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və s. məsələlər haqqında kömək etmək məqsədilə yaradılan və ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzlərinə müraciət edə bilərlər.


 

BAKI XOREOQRAFİYA AKADEMİYASINA TƏHSİL ALMAQ İSTƏYƏN XARİCİ VƏTƏNDAŞLAR ÜÇÜN QƏBUL QAYDALARI

Əcnəbi vətəndaşlar üçün hazırlıq üzrə təhsil almaq üçün qəbul qaydaları və təhsili:

Hazırlığa sənədlərin qəbulu hər tədris ilində 1 illik və yarımillik tədris planına əsasən sentyabr ayının 1-dən aparılır. 1 illik tədris planına əsasən dərslər sentyabr ayının 15-də başlanır. Yarımillik tədris planına əsasən dərslər fevral ayının 16-da başlayır.
Azərbaycan Respublikasının təhsil və elmi-tədqiqat müəssisələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:
Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil, elm, mədəniyyət sahəsində əməkdaşlıq haqqında hökumətlər və idarələrarası sazişlər əsasında;
Təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında;
Qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına;
Təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, digər müəssisələri, vətəndaşları və s. ilə bağladıqları müqavilələr əsasında.
Əcnəbi tələbələrin dövlət hesabına təhsili, təhsil müəssisələrinin tabe olduğu müvafiq nazirlik, komitə və idarə rəhbərlərinin göndərişi və təhsil müəssisəsi ilə xarici ölkə təhsil müəssisələri arasında bağlanmış müqavilələrə uyğun tələbə mübadiləsi çərçivəsində həyata keçirilə bilər.
Dövlət təhsil müəssisələrində əcnəbi tələbələrin ödənişli əsaslarla təhsilinin bütün növləri üçün təhsil haqqı təhsil müəssisələrinin təklifi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunur və təsdiq edilir.
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.
Hazırlıq müvafiq hazırlıq kursları vasitəsi ilə həyata keçirilir. Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər hazırlıq kurslarına qəbul edilə bilərlər. Hazırlıq kursunun illik ödənişi 1000 ABŞ dollarıdır. Hazırlıq müddətinin sonunda tələbələr buraxılış imtahanları verirlər. Buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş dinləyicilərə təhsilini bitirdikdə ona müvafiq ixtisas üzrə vahid formada (şəhadətnamə) verilir.

Təhsil almağa gələn əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Təhsil müəssisəsi rəhbərinin adına ərizə;
Tərcümeyi hal;
Keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin notarius tərəfindən təsdiq olunmuş surəti;
Azərbaycan doğumlu vətəndaşlara Dövlət Miqrasiya Xidməti tərəfindən ikili vətəndaşlığın olmamasını təsdiq edən arayış;
Sağlamlıq, Covid 19 və  QİÇS haqqında arayışlar;
Milli pasportun surəti;
Tərcümeyi hal;
8 ədəd 3×4 ölçüdə foto (arxası qırmızı fonda)

Diqqət! Bakıya gələrkən mütləq tələbə vizası alınmalıdır.

Xarici vətəndaşların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində 1 illik müvəqqəti yaşamaq qeydiyyatı aparılır.        

  1. AKADEMİYADA BAKALAVR  PİLLƏSİNDƏ TƏHSİL:

Akademiyada əyani və qiyabi şöbəyə sənəd qəbulu hər tədris ilində sentyabr ayının 1-dən -30 na kimi aparılır. Əyani şöbədə dərslər sentyabr ayının 15-də başlanır.

Xarici vətəndaşların bakalavr pilləsində təhsil alması üçün aşağıdakı sənədlər tələb olunur:
– hazırlığı bitirməsi haqqında şəhadətnamə (tələbə hazırlıqda bitirdiyi ixtisasa və dilə uyğun bakalavr pilləsində təhsilini davam etdirməlidir);
– universitetə qəbul üçün rektorun adına ərizə (ixtisas göstərilməklə);
– təhsil haqqında sənəd keçilən dərslər göstərilməklə (notarius tərəfindən təsdiq olunmaqla);
– tibbi arayış;
– pasport və ya şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasına giriş vizası olmaqla);
– tərcümeyi-hal;
– 8 ədəd 3×4 ölçüdə foto (arxası qırmızı fonda)

Tələbə hər təhsil rübünün əvvəlində Təhsil Nazirliyinin təsdiq etdiyi sənəddə göstərdiyi məbləği (təhsil haqqını) ABŞ dolları ilə ödəyir. Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.

Xarici vətəndaşın akademiyada qəbul əmri verildiyi gündən o, akademiyanın  tələbəsi statusunu alır.
Akademiyada əyani şöbədə təhsil müddəti 4 ildir.

Qiyabi şöbədə isə təhsil müddəti 4 il 6 aydır. Bakalavr pilləsində illik ödəniş 1800 ABŞ dollarıdır.
Bakalavr pilləsində tədris Azərbaycan və ya rus dillərində aparılır.
Əyani şöbədə təhsil alan xarici vətəndaşların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatı aparılır:
– 1 illik müvəqqəti yaşamaq hüququ əldə olunur.
Əcnəbi tələbə ödənişli əsaslarla təhsil alan azərbaycanlı tələbələr üçün müəyyən olunmuş digər hüquqlardan istifadə edə bilər.
– təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etməlidir;
– təhsil müəssisəsinin əmlakının korlanmasına yol verməməlidir;
– onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərəri ödəməlidir. Əcnəbi tələbə təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra ona təhsil aldığı ixtisas və dərəcəyə uyğun bakalavr diplomu verilir.

BXA -nın bakalavr pilləsində mövcud olan ixtisaslarla buradan tanış ola bilərsiniz.

III. AKADEMİYADA MAGİSTR PİLLƏSİNDƏ TƏHSİL:

Təhsildə yüksək nəaliyyətlər əldə edən məzunlar bakalavr diplomlarına uyğun müvafiq istiqamətlərdə təhsillərini magistr pilləsində davam etdirə bilərlər. Bakalavr pilləsini Azərbaycan Respublikasında bitirməyən əcnəbi vətəndaşlar magistratura pilləsində təhsil almaq üçün hazırlıqda Azərbaycan dili kursunu keçməlidirlər. Magistraturada dərslər sentyabr ayının 15-dən başlanır.
Xarici vətəndaşın hazırlıqda təhsil alması üçün universitetlə müqavilə bağlanır.
Bundan sonra tələbə hər təhsil rübünün əvvəlində Təhsil Nazirliyinin təsdiq etdiyi sənəddə göstərdiyi məbləği (təhsil haqqını) ABŞ dolları ilə ödəyir. Magistratura pilləsində illik ödəniş 2000 ABŞ dollarıdır . Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.
Magistratura pilləsində əyani şöbədə təhsil müddəti 2 il, qiyabi şöbədə isə 2 il 6 aydır.

BXA -nun magistr pilləsində mövcud olan ixtisaslarla buradan tanış ola bilərsiniz.

III.  AKADEMİYADA  DOKTORANTURADA TƏHSİL:

Magistr pilləsində təhsilini müvəffəqiyyətlə bitirən xarici vətəndaşlar doktoranturada təhsil ala bilərlər. Magistratura pilləsini Azərbaycan Respublikasında bitirməyən əcnəbi vətəndaşlar doktorantura pilləsində təhsil almaq üçün hazırlıqda şöbəsində Azərbaycan dili kursunu keçməlidirlər. Doktorantura pilləsində illik ödəniş 2500 ABŞ dollarıdır.

QƏBUL QAYDALARI

İngilis dilində
Rus dilində
Fars dilində
Çin dilində 

Bizimlə əlaqə:
(+994 12) 597-25-49