2015-ci ildən etibarən Türkiyənin müxtəlif şəhərlərində musiqi və rəqsi birləşdirən “Beynəlxalq Musiqi və Rəqs” konqresi keçirilir. Akademik, elmi və bədii perspektiv çərçivəsində təşkil edilən konqresin məqsədi ölkə daxilində və xaricində, xüsusilə Türk Dünyasında musiqi və rəqslə maraqlanan akademik, sənətçi və tələbələri bir araya gətirmək, məlumat mübadiləsi aparmaqdır. Bu il də ənənəvi olaraq keçirilən konqresə ev sahibliyi edən şəhərlər arasında Bakı da yer alır.

Belə ki, “VIII Beynəlxalq Musiqi və Rəqs” konqresi 1-3 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibəti ilə Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Milli Konservatoriyasında keçiriləcək. Sözügedən konqres Sakarya Universiteti, Muğla Sıtkı Koçman Universiteti, Ardahan Universiteti, Antalya Kültür və Eğitim Vakfı Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Gəncə Dövlət Universiteti ilə Qırğızıstanın Ənənəvi Musiqi Fondu ortaqlığında baş tutacaq.

Qeyd edək ki, konqresin koordinatorları Sakarya Universitetinin dosenti, Dr. Kürşad Gülbəyaz, Mersin Universitetinin dosenti, Dr. Tarkan Yazıçı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədovadır.