Tədbir Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra açıq elan edilib.
Konqresə mədəniyyət sahəsinin nümayəndələri, ictimai-siyasi xadimlər, media nümayəndələri qatılıb.
Konqresdə Bakı Xoreoqrafiya Akademiyasını Bədii rəhbər,rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, Elm və yaradıcılıq işləri üzrə prorektor Elmira Pənahlı, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, BXA-nın orta ixtisas təhsil (kollec) pilləsinin direktoru Tahir Eynullayev, Tədris şöbəsinin müdiri Yeganə Taptıqova, Əməkdar artist Eteri Cəfərova və başqaları təmsil ediblər.
Əvvəlcə BMA tələbələrinin hazırladığı “Tanıtım” filmi təqdim edilib və BMA-nın yaranma tarixi, keçdiyi inkişaf mərhələləri, akademiyada tədris olunan fənnlər və mövcud ixtisaslar haqqında geniş məlumat verilib.
Sonra konqresin rəhbəri Dr. Kürşad Gülbəyaz çıxış edərək, tədbir barədə məlumat verib, eləcə də oktyabr ayının 1-dən 3-dək davam edən, 9 ölkədən 200 nümayəndənin qatıldığı və BMA-nın Opera studiyasında gerçəkləşəcək konsert proqramına bütün musiqisevərləri dəvət edib.
Tədbiri BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli davam etdirərək, akademiyanın 100 illiyini qardaş Türkiyə dövləti ilə birgə keçirməkdən məmnun olduğunu və böyük fərəh hissi kecçirdiyini xüsusi vurğulayıb.
Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının Bədii rəhbəri,rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə qonaq olan uluslararası nümayəndə heyətinə uğurlar arzulayıb.
Eyni zamanda, Xalq artisti Roza Cəlilova da çıxış edərək konqres barədə fikirlərini bölüşüb.
Tədbirdə Nərgiz Kəngərlinin ifasında fortepianoda C. Hacıyevin “Ballada” kompozisiyası, vokalçılar İlham Nəzərov və Tofiq Zeynalovun ifasında F.Bədəlbəylinin “Ave Maria” (Pərvərdigar) və M. Maqomayevin bəstəsi “Azərbaycan” mahnıları səsləndirilib.