Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, professor Şuxrat Toxtasimov klassik rəqsin tədrisi nəzəriyyəsi və metodikası fənni üzrə Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçirib.

Ustad dərslərində BXA-nın klassik rəqs fənn müəllimləri, baletmeyster və xoreoqraflar iştirak ediblər.

Ş.Toxtasimov BXA-nın tam orta məktəb, orta ixtisas təhsili və bakalavr pillələrinin şagird və tələbələrinə klassik rəqsdə tədris olunan oğlan və qız rəqslərində assemble, pas embotte, pas jete, bond de jambe, rond de jambe, assamble sonte, brize kimi bir sıra I-V mövqelər üzrə əl və ayaqların duruş dərəcə və hərəkətlərinin incəliklərini nümayiş etdirib. Dəzgah qarşısında tələbələr Ş. Toxtasimovun təlqin etdiyi rəqs hərəkətlərini icra ediblər.  

Eyni zamanda, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru BXA-nın orta ixtisas təhsili pilləsinin məzunlarına bitirdikləri ixtisasları üzrə Diplom təqdimatı mərasimində də iştirak edib. 

Ustad dərsləri yekunlaşdıqdan sonra Şuxrat Toxtasimov Bakı Xoreoqrafiya Akademiyasının rəhbər heyəti ilə görüşüb. Görüşdə hər iki ali təhsil müəssisəsinin əməkdaşlığının gələcəkdə daha da genişləndirilməsi müzakirə olunub.  Həmçinin gələcək birgə layihlər barədə də fikir mübadiləsi aparılıb.