Özbəkistan Mədəniyyət nazirliyinin nümayəndə heyəti: Mədəniyyət nazirinin birinci müavini Bahadır Ahmedov, Daxili audit və maliyyə kontrolu şöbəsinin müdiri Komildjon Rahimov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Djavaxir Şarasulov, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Tetarının direktoru Ramiz Usmanov Bakı Xoreoqrafiya Akademiyasında (BXA) qonaq olublar.

Qonaqları BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, Təsərrüfat işləri üzrə prorektor, Əməkdar artist Fərid İbrahimov, orta ixtisas təhsili pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev qarşılayıb.

Mədəniyyət nazirliyinin nümayəndə heyəti əvvəlcə BXA-nın müəllimləri: Xalq artisti Yusif Qasımov, Əməkdar artist Səbinə Qasımova, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluşunda və akademiyanın tələbələrinin ifasında “İgidlər”, “Cəngi”, “Xatirələr”, “Burevestnik” və “Jizel” baletindən “Qalop”u izləyiblər.

Mədəniyyət nazirinin birinci müavini Bahadır Ahmedov rəqsi quran müəllimlərlə görüşüb rəqslər barədə müsbət fikirlərini bildirərək, onları Özbəkistana dəvət edib.

Daha sonra BXA-nın rəhbərliyi tərəfindən qonaqlara akademiyanın dərs zalları, keçmiş və hazırki aparıcı müəllimlərinin fotoları və fəaliyyətləri təqdim olunub.

Dostluq və əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Bahadır Ahmedov nümayəndə heyətinin səmimi qarşılanmasına görə, təşəkkürünü bildirib. B. Ahmedov qeyd edib ki, iki qardaş xalq olan Özbəkistan və Azərbaycan mədəniyyətlərinin daha da sıx inkişafı üçün Bakı Xoreoqrafiya Akademiyası ilə əlaqələr davam etdirilməlidir. Mütləq şəkildə tələbə-müəllim mübadiləsi aparılmalı, qarşılıqlı ustad dərsləri keçirilməli, birgə layihələr reallaşdırılmalıdır. B. Ahmedov bir daha BXA-nın rəhbərliyini və aparıcı müəllim heyətini Özbəkistana dəvət edib.

BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən N. Məmmədzadə də öz növbəsində nümayəndə heyətini akademiyada görməkdən məmnun olduğunu bildirib və birgə layihələr, gələcək əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Sonda Özbəkistan Mədəniyyət nazirliyinin nümayəndə heyəti BXA rəhbərliyinə, BXA rəhbərliyi isə nümayəndə heyətinə simvolik hədiyyələrini təqdim edib. Xatirə şəkli çəkdirilib.