Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib.

Tədbirdə BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, dosent Yeganə Tapdıqova, BXA-nın elmi katibi Həbibə Məmmədova, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsil pilləsinin (kollec) direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova və akademiyanın tələbə-müəllim heyəti iştirak edib.

Tədbirdə həmçinin, Azərbaycan Milli Konservatoriyasının Elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının rektor müşaviri Amil Xudiyev, Nəsimi rayonu Polis İdarəsinin əməkdaşları: polis kapitanları Yeganə Zeynalova və Zaur Tağıyev qonaq qismində iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himni ilə açıq elan edilib. Sonra Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şagird və tələbələrin təqdimatında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər erməni millətçilərinin xalqımıza qarşı törətdikləri kütləvi qırğın və yüzlərlə azərbaycanlıların tarixi yurdlarından etnik təmizlənməsi barədə məlumat veriblər.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu torpaqlarımızı azad edərək Xocalı qurbanlarının qisasını alıblar.

Tədbir BXA-nın Folklor musiqi qrupunun təqdim etdiyi, musiqisi Ə. Bədəlbəyliyə məxsus “Dumanlı Təbriz”, S. Rüstəmovun “Hardasan”, “Turacı rəqsi”, “Ana fəryadı”, Kərimov Familin ifasında səsləndirilən “Qara dəniz”, bir sıra şeir nümunələri, Musiqi sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədovun və müsabiqə laureatı Aydan Həmzəyevanın ifasında nümayiş etdirilən “Qarabağ şikəstəsi” və İlhamə Qasımovanın “Ey Vətən” mahnı kompozisiyaları ilə davam etdirilib.