Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Dinara Əliyeva, müəllim Vüsalə Babayeva və akademiyanın tələbələri Tacikistan Respublikasının Dövlət Müstəqilliyinin 35 illiyi münasibətilə Tacikistanın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi tədbirdə iştirak ediblər.
Tədbir çərçivəsində Vüsalə Babayeva Tacikistanın Azərbaycandakı Səfirliyi tərəfindən Tacikistan və Azərbaycan xalqları arasında mədəni əlaqələrin inkişafında və tacik mədəniyyəti və incəsənətinin təbliğində mühüm xidmətlərinə görə təşəkkür məktubu ilə təltif olunub.
Tədbirdə Vüsalə Babayeva və BXA tələbələri Tacikistanın milli rəqslərini təqdim ediblər. Onlar “Şikəstə”, “Şodi Şodəm”, “Xonumguli Xusori” və “Be dust zindaqoni” rəqslərini ifa edərək tədbir iştirakçılarına Tacikistanın zəngin milli rəqs mədəniyyətini nümayiş etdiriblər.

