Simpo

Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Rəqs Gününə həsr olunmuş “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda V Beynəlxalq simpozium keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca simpoziumun məqsəd və əhəmiyyəti barədə məlumat verilib.

Qeyd olunub ki, simpoziumun əsas məqsədi xoreoqrafiya sənətinin müasir inkişaf istiqamətlərini müzakirə etmək, elmi-nəzəri yanaşmaları təhlil etmək və beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Simpozium çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda elmi məruzələr dinlənilib.

Çıxışlar arasında “Azərbaycan xalq rəqslərində xoreoqrafik hərəkət və musiqi intonasiyasının sinxronlaşması”, “Семиотика этностиля в формировании хореографической идентичности Узбекистана”, “Azərbaycan xoreoqrafiya sənətində Tamilla Şirəliyeva fenomeni: ifaçılıqdan pedaqoji fəaliyyətə keçid”, “Hindistan musiqisinin janr palitrası”, “Toğrul Nərimanbəyovun yaradıcılığında musiqi və rəqs motivləri” və digər aktual mövzular yer alıb.

Tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan, Rusiya və digər ölkələrdən olan məruzəçilər beynəlxalq tərkibli simpoziumu elmi fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının qurulması baxımından əhəmiyyətli platforma kimi dəyərləndiriblər.

Simpoziumun sonunda məruzələrlə çıxış edən iştirakçılar Bakı Xoreoqrafiya Akademiyası tərəfindən sertifikatlarla təltif olunublar.

Comments are disabled