SA

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş bayram konserti keçirilib.

Tədbirdə akademiyanın rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ardınca konsert proqramı təqdim olunub. Proqram çərçivəsində bakalavr pilləsinin tələbələrinin ifasında “Şələqoy”, “Yallı”, “Ağ çiçək”, “Vals”, “Həsrətin qanadında”, Qazax rəqsi və s. rəqs kompozisiyaları nümayiş olunub. Musiqi sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədovun və kafedranın əməkdaşı Humay Babazadənin ifasında “Yaşa, Azərbaycan”, “Bayram axşamı” və s.  mahnı, eləcə də “Bakının ulduzları” xalq çalğı alətləri ansamblının və “Harmoniya” ansamblının ifasında musiqi nömrələri göstərilib. Novruzun ənənəvi personajları olan Kosa və Keçəlin çıxışları tədbirə xüsusi rəng qatıb.

Eyni zamanda, qarşıdan gələn yubileyi münasibətilə İncəsənət fakültəsinin dekan müavini, Əməkdar artist Gülməmməd Şahverdiyevə akademiya rəhbərliyi tərəfindən təbrik ünvanlanıb.

Tədbirdə çıxış edən Tədris işləri üzrə prorektor, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova və İncəsənət fakültəsinin dekanı, Əməkdar artist, dosent Sənan Hüseynli iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb.

Tədbirdən sonra bayram ekspozisiyaları nümayiş olunub, tələbələr tərəfindən hazırlanmış çərəz və şirniyyatlardan ibarət Novruz xonçaları üç nominasiya üzrə qiymətləndirilib.

Bayram konserti böyük maraqla qarşılanıb.

Comments are disabled