Bakı Xoreoqrafiya Akademiyasının (1979-cu il Bakı Xoreoqrafiya Məktəbi) məzunu, tanınmış balet artisti Tatyana Kuznetsova akademiyada klassik rəqs üzrə ustad dərsləri keçirib.
Dərsdə akademiyanın orta ixtisas təhsili pilləsinin tələbələri və tam orta təhsil pilləsinin şagirdləri iştirak ediblər.
Ustad dərsləri zamanı Tatyana Kuznetsova klassik baletin incəliklərini, texniki və ifaçılıq xüsusiyyətlərini iştirakçılarla bölüşərək onların peşəkar inkişafına töhfə verən praktiki tövsiyələr təqdim edib.
O, hər bir iştirakçı ilə fərdi qaydada işləyib, onların güclü tərəflərini ön plana çəkib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində peşəkar məsləhətlər verib. İnteraktiv şəraitdə keçən dərslər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Tatyana Kuznetsova 1979-cu ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. O, təhsilini 1981-ci ildə A.Y. Vaqanova adına Rus Baleti Akademiyasında davam etdirərək məzun olub. Sənətçi uzun illər Mariinski Teatrında çalışıb, klassik balet repertuarının bir çox aparıcı partiyalarında çıxış edib.

