Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan Respublikasının Əməkdar artisti, görkəmli rəqqasə, müəllim Aliyə xanım Ramazanova ilə Sənət görüşü keçirilib.
Görüşdə Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, elmi katib Həbibə Məmmədova, kafedra müdirləri, akademiyanın müəllim-tələbə heyəti iştirak edib.
Görüş iştirakçıları Aliyə Ramazanova ilə bağlı xatirələrini paylaşıb, xanım rəqqasənin sənət yolundan bəhs ediblər. Aliyə Ramazanova da öz növbəsində akademiya rəhbərliyinə dəvətə görə təşəkkürünü bildirib. O, sənət yolundan danışıb, gənc xoreoqraflara öz məsləhətlərini verib.
Tədbirdə Aliyə Ramazanovanın səhnə fəaliyyətini əks etdirən videoçarx da nümayiş etdirilib.
Sonda görüş interaktiv formatda davam edib. Aliyə Ramazanova tələbələri və qonaqları maraqlandıran sualları cavablandırıb və Bakı Xoreoqrafiya Akademiyasına öz kitabını hədiyyə edib.