Oktyabrın 28-də Bakı Xoreoqrafiya Akademiyası (BXA) və Rusiyanın Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəniyyətlərin dialoqu: Rəqs beynəlxalq əməkdaşlıq məkanı kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Azərbaycan, Rusiya və Çindən olan incəsənət nümayəndələrinin, xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin, müəllim və tələbələrin iştirak etdiyi konfransın əsas məqsədi mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və xoreoqrafiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub.
Tədbirin açılışında BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə, xarici əlaqələr üzrə prorektor, dosent, Xalq artisti Təranə Muradova, Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun Xoreoqrafiya fakültəsinin dekanı, professor Konstantin Novikov və “Smooth & Rhythm Dance Style” (SRDS) şirkətinin prezidenti Olqa Krasnyanskaya çıxış ediblər.
Çıxışlarda xoreoqrafiya sənətinin mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsindəki rolu, milli rəqs ənənələrinin qorunması, müasir tədris metodlarının tətbiqi və beynəlxalq əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb.
Konfransın elmi-praktik hissəsində Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun əməkdaşı Veronika Butuzova, SRDS şirkətinin həmtəsisçisi, tanınmış xoreoqraf Eldar Cəfərov, Pekindən olan beynəlxalq layihələr rəhbəri, bal rəqsləri ustadı, xoreoqraf Domen Krapets, BXA-nın magistrantı Samirə Quliyeva, həmçinin Ümumdünya Rəqs Şurasının baş katibi, Latın Amerikası rəqsləri üzrə peşəkar müəllim-xoreoqraf Hannes Emrix xoreoqrafiya təhsilinin müasir inkişaf istiqamətləri, milli rəqs ənənələri, beynəlxalq mədəniyyət layihələri və yeni rəqs janrları ilə bağlı məruzə və təqdimatlarla çıxış ediblər.
Tədbir çərçivəsində Azərbaycan, Rusiya və Çinin xoreoqrafiya ixtisası yönümlü müəssisələrinin əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq əməkdaşlıq planları müzakirə olunub. Bu çərçivədə 5–11 aprel 2027-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan “Beijing Open” və həmin ilin aprel ayının sonunda Çelyabinskdə təşkil olunacaq “Çelyabinsk Vilayəti Qubernatorunun Kuboku” ilə bağlı fikir mübadiləsi aparılıb.
Konfransın praktiki hissəsində BXA-nın Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova Azərbaycan xalq rəqslərinin əsas hərəkət elementləri və ifa xüsusiyyətlərinə həsr olunmuş ustad dərsi keçib.

