Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda bildirilib ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz qoymuş ağır humanitar cinayətlərdən biridir və bu faciənin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir.
«Xocalı soyqırımı təkcə Azərbaycana deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Soyqırıma siyasi qiymətin verilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti hər il fevralın 26-sının “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar qəbul edib.
2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində Xocalı soyqırımı qurbanlarının qisası alınıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev üçrəngli dövlət bayrağımızı Xocalıda ucaltdı və onun da dediyi kimi: «Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq!».
Anım tədbiri müddətində Xocalı soyqırımı və soyqırım qurbanlarına həsr olunmuş sənədli film nümayiş olunub. Eyni zamanda, BXA-nın tam orta təhsil pilləsinin tarix müəllimi Təranə İsmayılova Xocalı soyqırımı barədə ətraflı məlumat verib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Xocalı şəhidlərinin əziz xatirəsini yad etmək, tarixi həqiqətləri bir daha diqqətə çatdırmaq və gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə verməkdir.





