Bakı Xoreoqrafiya Akademiyası ilə Qırğızıstanın elm, təhsil və mədəniyyət müəssisələri arasında elmi, yaradıcılıq və təcrübə mübadiləsinə əsaslanan əməkdaşlıq əlaqələri son illərdə daha da inkişaf edir.
Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Həbibə Məmmədova söyləyib.
Müsahibimiz bildirib ki, Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyinin təşkilatçılığı, Milli Elmlər Akademiyası, Beynəlxalq Tibb Universiteti, Avrasiya Beynəlxalq Tibb Universiteti, Qırğızıstan-Türkiyə Manas Universiteti, Bişkekdə Ənənəvi Xalq Musiqisi Fondu, eləcə də Sakarya Universiteti, Muğla Sıtkı Koçman Universiteti, Ardahan Universiteti, AKEV Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Gəncə Dövlət Universitetinin tərəfdaşlığı ilə Bişkek şəhərində IX Beynəlxalq Musiqi və Rəqs Konqresi keçirilib.
Azərbaycanı konqresdə 13 məruzəçi onlayn və əyani formatda təmsil edib. Bakı Xoreoqrafiya Akademiyasının nümayəndələri də beynəlxalq elmi tədbirdə fəal iştirak ediblər.
“Mən həmin konqresdə “Türk xalqlarının musiqi mədəniyyətində muğam” mövzusunda məruzə ilə çıxış etdim. Azərbaycanın Xalq artisti Kamilə Hüseynova Fikrət Əmirovun “Min bir gecə” baletində Nailə Nəzirovanın səhnələşdirdiyi xoreoqrafik quruluşda simvolların mənasına həsr olunmuş məruzə təqdim edib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elmira Pənahova “Müsəlman Şərqinin musiqi mədəniyyətində genişlənmiş ikili fenomeni”, Xalq artisti Yusif Qasımov “Azərbaycan xalq rəqslərinin inkişafı”, Əməkdar artist Sənan Hüseynli “Azərbaycan professional rəqs sənətinin inkişafında Əlibaba Abdullayev fenomeni”, Əməkdar artist Gülməmməd Şahverdiyev isə “Etnik rəqslər və simvolizm” mövzularında çıxış ediblər. Tahir Eynullayev ustad dərsi və konsert proqramında rəqs nömrəsi ilə yanaşı, “Azərbaycan xalq rəqslərinin mənşəyi və inkişafı” mövzusunda məruzə ilə iştirak edib”, – deyə prorektor bildirib.
Həbibə Məmmədova qeyd edib ki, Bakı Xoreoqrafiya Məktəbinin təsis edilməsinin 95 illiyi və Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasının 10 illiyi çərçivəsində, Beynəlxalq Rəqs Gününə həsr olunmuş “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda III beynəlxalq simpoziumda Qırğızıstan-Türkiyə Manas Universitetinin professoru Kürşad Gülbeyaz və həmin universitetin müəllimi Elvira Karaeva məruzələrlə çıxış ediblər. Həmin mövzusunda IV beynəlxalq simpoziumda isə Qırğızıstan-Türkiyə Manas Universitetinin professoru Kürşad Gülbeyaz və həmin universitetin müəllimi Gökhan Usal məruzələr təqdim ediblər. Bu tədbirlər iki ölkənin alim və sənətşünasları arasında fikir və təcrübə mübadiləsinin genişləndirilməsinə, Azərbaycan və Qırğızıstanın milli rəqs irsinin elmi baxımdan öyrənilməsinə və təbliğinə mühüm töhfə verir.

