Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə yanaşı, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, İdarə Heyətinin üzvləri Cavanşir Rzazadə, AMEA Tarix İnstitutunun elmi işçisi Arzu Musayeva, təşkilatın üzvü Aynurə Adıgözəlqızı, “44gunsavash.az” saytının baş redaktoru, yazıçı-publisist Mövsümağa Ədalətoğlu və “realmedia.az” saytının baş redaktoru Əziz İsmayılov iştirak ediblər.
Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixinin ən ağır və faciəli səhifələrindən biri olduğunu vurğulayaraq, hadisənin beynəlxalq hüquq normalarına zidd olaraq törədilmiş bəşəri cinayət kimi qiymətləndirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, Xocalı hadisəsi ötən əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşmüş, insanlığa qarşı yönəlmiş zorakılıq aktı kimi beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətini almalıdır.
Tədbir çərçivəsində “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi tərəfindən hazırlanmış, soyqırım qurbanlarının xatirəsinə həsr olunan “Biz soyqırıma və terrora yox deyirik!” adlı sənədli film nümayiş etdirilib. Filmdə faciənin tarixi faktlara əsaslanan xronologiyası, şahid ifadələri və hadisənin beynəlxalq müstəvidə tanıdılması istiqamətində aparılan fəaliyyətlər əks olunub.
Anım tədbiri zamanı tələbələrə soyqırımın tarixi-siyasi mahiyyəti barədə ətraflı məlumat verilib, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi və tarixi yaddaşın yaşadılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, tədbir Akademiyanın tarix müəllimi Aygül Qurbanova və Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehriban Haqverdiyevanın təşkilatçılığı ilə həyata keçirilib.