Sekil

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin “Tarixi şəxsiyyətlərin ədəbi fəaliyyəti” adlı silsilə tədbirləri çərçivəsində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş elmi-mədəni görüş keçirilib.
Görüşdə BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti, pedaqoq, dilçi, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor, Azərbaycanın sabiq təhsil naziri müavini Ədalət Tahirzadə, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Azər Turan, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva və Hüseyn Cavidin ev-muzeyinin böyük elmi işçisi Nübar Məmmədova iştirak edib.
Tədbirdə çıxış edənlər H.Cavid irsinin milli düşüncə tarixində xüsusi yerini vurğulayıb və Cavid yaradıcılığının aktuallığının bu gün də qorunub saxlanıldığını bildiriblər:
“Onun ideyaları gənclərin milli-mənəvi dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Sənətkar qiymətli əsərlərində qadın obrazlarının fəlsəfi və mənəvi mahiyyətini təhlil edib. Cavid irsində milli kimlik, türkçülük ideyaları və ümumtürk mədəni dəyərlər əks olunub”.
Həmçinin tədbir ərzində “Hüseyn Cavid düşüncəsində qadın”, “Hüseyn Cavid yaradıcılığında türkçülük”, “Hüseyn Cavid irsinin Nizami Muzeyində təbliği” adlı məruzə, təqdimat və çıxış baş tutub.
Qeyd edək ki, layihənin rəhbəri BXA-nın Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehriban Haqverdiyeva, təşkilatçılarından biri isə tarix müəllimi Qurbanova Aygüldür.

Comments are disabled