Əziz gənclər!
Sizi 2 Fevral – Gənclər Günü münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının kollektivi və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Gənclərin bilik, bacarıq və potensialının üzə çıxarılması, onların ictimai-siyasi və mədəni proseslərdə fəal iştirakı dövlətimizin sosialyönümlü siyasətinin əsas prioritetlərindəndir.
Bu gün Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizə sədaqəti, müasir dünyagörüşü və yüksək intellektual səviyyəsi ilə seçilir. Gənclərimizin elm, təhsil, mədəniyyət və incəsənət sahələrində qazandıqları uğurlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir. Bakı Xoreoqrafiya Akademiyasının tələbələri xoreoqrafiya və rəqs sahəsində əldə etdikləri uğurlarla respublika və beynəlxalq miqyaslı müsabiqə və festivallarda ölkəmizi layiqincə təmsil edirlər. Onların peşəkar hazırlığı və yaradıcılıq potensialı milli xoreoqrafiya sənətimizin qorunması və müasir tələblər əsasında inkişaf etdirilməsinə mühüm töhfə verir.
Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu 44 günlük Vətən müharibəsi zamanı bir daha öz təsdiqini tapmış, gənclərimiz göstərdikləri qəhrəmanlıq və fədakarlıqla tariximizə qızıl hərflərlə yazılmış Zəfərin əsas aparıcı qüvvəsinə çevrilmişlər. Bu, gənc nəslin Vətənə bağlılığının, milli məsuliyyət hissinin və sarsılmaz iradəsinin parlaq nümunəsidir.
Əminəm ki, müasir dövrün çağırışlarına cavab verən, innovativ düşüncəyə və yaradıcı potensiala malik Azərbaycan gəncliyi bundan sonra da ölkəmizin davamlı inkişafı və mədəni yüksəlişi naminə öz layiqli töhfələrini verəcəkdir.
Bayramınız mübarək olsun, əziz gənclər!
Bakı Xoreoqrafiya Akademiyasının
Tədris işləri üzrə prorektoru,
rektor vəzifəsini icra edən,
əməkdar artist Nailə Məmməd-Zadə

