26 oktyabr – 04 noyabr tarixlərində Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin I kurs tələbələri Liana Bernadina və Fərid Mürsəlov müəllim-xoreoqraf Yelena Çernousovanın müşayiəti ilə UNESCO və İSESCO üzrə Qazaxıstanın Milli Komissiyasının dəstəyi, Qazaxstan UNESCO Klublarının Milli Federasiyasının təşkilatçılığı ilə Almatı şəhərində keçirilən «The Planet of ART 2025» beynəlxalq festivalda iştirak edib.
Festival çərçivəsində Qazaxıstanın aparıcı incəsənət xadimləri tərəfindən ustad dərsləri, tematik seminarlar, festivalın final və qala-konserti keçirilib. Tələbələrimiz festivalın “Xoreoqrafiya sənəti” kateqoriyası üzrə I mərhələsindən müvəffəqiyyətlə keçərək laureat adı qazanıb, final və qala konsertlərində iştirak üçün dəvət alıb.
Festival təşkilatçıları tələbələrimizi Sertifikat, Bakı Xoreoqrafiya Akademiyasını isə Təşəkkürnamə ilə təltif edib.
Qeyd edək ki, akademiya sözügedən festivalda artıq 3-cü ildir ki, iştirak edir. Festivalda bu il 19 ölkədən (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, İsveçrə, Meksika, Hindistan, ABŞ, Türkmənistan, Cənubi Koreya, Çin, Tacıkistan və s.) nümayəndələr iştirak ediblər.

