Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpa edilməsinin 34 illiyi, Respublika Konstitusiyasının qəbul olunmasının 30-cu və Vətən Müharibəsində qazanılan şanlı Qələbənin 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə BXA-nın tam orta təhsil pilləsinin rəhbərliyi və müəllim-şagird heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Sonra BXA-nın tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova çıxış edərək tədbir iştirakçılarını salamlayıb və şanlı Zəfərimizin 5 illiyi, eləcə də, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib. B. Hüseynova Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsinin müasir tariximizin ən mühüm hadisəsinə çevrildiyini qeyd edib.
Ardınca isə tam orta təhsil pilləsinin müəllimi Nüşabə Dayıyeva Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən, ölkə suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması yolunda xalqımızın iradəsindən, dövlətimizin əldə etdiyi uğurlardan danışıb.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin və onun siyasi davamçısı Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan quruculuq işlərini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında şeir nümunələri səsləndirilib və bu əlamətdar hadisələrlə bağlı tarixi məlumatlar verilib.