Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin Sənətşünaslıq, İctimai fənlər kafedralarının və Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə mayın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan, 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu” tamaşası ətrafında müzakirə aparılıb.
Tədbirdə İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, Sənətşünaslıq kafedrasının müdiri Şəhla Əliyeva, İctimai fənlər kafedrasının müdiri Elnurə Kazımova, Sənətşünaslıq kafedrasının professoru, Əməkdar incəsənət xadimi Rafiq Sadıxov, Musiqi sənəti kafedrasının müdiri Əhsən Əhmədov, Baletmeyster kafedrasının müdiri Lyudmila Həsənova, Kitabxana-informasiya mərkəzinin müdiri İradə Ağayeva və baş kitabxanaçı Təranə Qurbanova və akademiyanın müəllim-tələbə heyəti iştirak edib.
Tədbirə dəvət olunanlar arasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Çingiz Ələsgərov, 44 günlük Vətən müharibəsində N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, mayor Elnur İsayev və Qarabağ döyüşlərində qəhrəmanlıqla döyüşərək, qazi adını qazanan Bakı Xoreoqrafiya Akademiyasının tələbələri-orta ixtisas təhsil pilləsinin Rəqs müəllimliyi ixtisası üzrə təhsil alan, III kurs tələbəsi Mirzəzadə Valeh, bakalavr pilləsində Milli rəqs üzrə təhsil alan IV kurs tələbəsi Mehtibəyov Məhəmməd, orta ixtisas təhsil pilləsinin məzunu və bakalavr pilləsinin Milli rəqs ixtisası üzrə I kurs tələbəsi Tağıyev Namaz da iştirak edib.
Tədbirə başlamazdan öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Müzakirələr zamanı çıxış edən Sənətşünaslıq kafedrasının müdiri Şəhla Əliyeva, Rafik Sadıxov və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Çingiz Ələsgərov “Zəfər yolu” tamaşasını bədii cəhətdən təhlil ediblər. Daha sonra 44 günlük Vətən müharibəsində N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, mayor Elnur İsayev və könüllü olaraq, Füzuli, Xocavənd və Kəlbəcərin azad olunmasında döyüşlərə qatılan Bakı Xoreoqrafiya Akademiyasının III kurs tələbəsi Mirzəzadə Valeh Vətən müharibəsində canlı iştirakçısı olduqları qanlı döyüşlərdən söhbət açıblar.
Tədbirdə şəhid və qazilərimizin keçdiyi qəhrəmanlıq yolunu əks etdirən video nümayiş etdirilib.
Sonda isə Kitabxana-informasiya mərkəzinin müdiri İradə Ağayeva çıxış edərək, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığından danışıb. İ.Ağayeva bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, iştirakçılara, eləcə də qonaqlara öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbəyə həsr olunan sözügedən tamaşanın müəllifi və quruluşçu rejissoru, Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Səyavuş Kərimi, rejissoru Emil Əsgərov, rejissor assistenti Nərmin Həsənovadır.