Malayziya Respublikasının Azərbaycandakı səfirliyinin səlahiyyətli nümayəndələri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olublar.
Görüşdə Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, orta ixtisas təhsil pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, Malayziya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Mardiana Mohamed Rohani, səfirliyin ikinci katibi Norafsah Mohd Nor və səfirliyin tərcüməçisi Murad Süleymanov iştirak edib.
Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə qonaqları salamlayaraq, Azərbaycanın mədəniyyət paytaxtı və musiqi beşiyi olan Şuşada keçirilən beynəlxalq tədbirdə iştirak edən çoxsaylı dünya ölkələrinin rəqs mədəniyyətləri ilə yanaşı, Malayziya rəqsləri ilə də tanış olmaqdan məmnun olduğunu bildirib.
Dostluq görüşündə Nailə Məmmədzadə qonaqlara Bakı Xoreoqrafiya Akademiyasında tədris olunan klassik balet, milli rəqs və digər ixtisaslar haqqında geniş məlumat verib.
Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova isə Bakı Xoreoqrafiya Akademiyasının Türkiyə, Rusiya, Braziliya, Pakistan və bir sıra xarici ölkələrlə olduğu kimi, Malayziya ilə də mədəni əlaqələrin uğurla qurulacağına və inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Səfirliyin nümayəndələri Şuşada nümayiş etdirilən quruluşu Əməkdar artist Nailə Məmmədzadəyə məxsus olan rəqsləri böyük heyranlıqla izlədiklərini söyləyiblər.
Daha sonra BXA ilə gələcək əməkdaşlıqdan razı olduqlarını qeyd edərək, qarşıdan gələn Malayziya Respublikasının dövlət bayramlarında, xüsusi tarixi günlərə dair təşkil olunacaq tədbirlərdə Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbə heyətinin rəqs kompozisiyaları ilə iştirak etmələrini istədiklərini bildiriblər.
Sonda Malayziyanın ölkəmizdə fəaliyyət göstərən səfirliyin səlahiyyətli nümayəndələri yüksək qonaqpərvərliyə, səmimi münasibətə və maraqlı diskussiyaya görə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə dərin təşəkkürlərini bildirib.
Qeyd edək ki, görüş Malayziya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilib.