Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Bakı Xoreoqrafiya Akademiyasında (BXA) qonaq olub.
Görüşdə BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, Elm və yaradıcılıq işləri üzrə prorektor, dosent Elmira Pənahova, Tədris şöbəsinin müdiri, dosent Yeganə Tapdıqova, Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və Pakistan səfirin təhsil məsələləri ilə üzrə attaşesi Zarmina Naz iştirak edib.
Görüş zamanı Nailə Məmmədzadə qonaqları akademiyada görməkdən məmnun olduğunu söyləyib. Bildirilib ki, iki qardaş ölkə bütün sahələrdə sıx əməkdaşlıq edir: “Xüsusilə də bu gün iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq uğurla inkişaf edir. BXA bu inkişafa öz dəstəyini və töhfəsini verməyə hər zaman hazırdır”.
BXA rəhbərliyi qonağa əcnəbi təlbələr, beynəlxlaq əməkdaşlıq əlaqələri və gələcək layihələrlə bağlı ətraflı məlumat verib.
Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye də öz növbəsində xoş qarşılanmaya görə akademiya rəhbərliyinə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Azərbaycan-Pakistan arasında dostluq və qardaşlıq münasibətləri hər zaman inkişafa doğru gedir. B.Haye Azərbaycan-Pakistan əlaqələrinin 30 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə BXA-nın tələbə-müəllim heyətini görməkdən məmnun olacağını vurğulayıb. Eyni zamanda, qeyd olunub ki, Azərbaycan-Pakistan əlaqələrinin mədəni müstəvidə inkişafı üçün BXA tələbələri mühüm rol oynaya bilər.
Sonra BXA və Pakistanın Azərbaycandakı səfirliyi arasında gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Sonda isə Səfir BXA-da dərs prosesi, akademiyanın zalları və guşələri ilə tanış olub.