Y

Tanınmış yapon xoreoqraf Şoko Tamai Bakı Xoreoqrafiya Akademiyasında (BXA) qonaq olub.

Qonaq əvvəlcə BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-zadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova ilə görüşüb.

Görüşdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baletmeysteri, Xalq artisti Mədinə Əliyeva da iştirak edib.

Görüş zamanı xoreoqrafiya sənətinin inkişafı, beynəlxalq əməkdaşlıq imkanları, peşəkar təcrübə mübadiləsi və gələcəkdə birgə yaradıcılıq layihələrinin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, qonağa BXA-nın fəaliyyəti, tədris proqramları, beynəlxalq əlaqələri barədə məlumat verilib.

Tərəflər görüş çərçivəsində gələcək əməkdaşlıq imkanlarını da müzakirə edərək beynəlxalq layihələrin həyata keçirilməsi, ustad dərslərinin təşkili və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Tamai yapon əsilli xoreoqrafdır. O, özünəməxsus yaradıcılıq üslubu ilə tanınır. Tamai dünyanın nüfuzlu təhsil ocaqlarında – Central School of Ballet, The American Academy of Ballet və Yumi Classical Ballet Studioda təhsil alıb. Həmçinin Metropolitan Opera Ballet, Dance Theatre of Harlem, Cirque du Soleil və Semperoper Dresden Ballet kimi tanınmış kollektivlə çıxış edib. 2024-cü ildə Şoko Tamai ilk rəqs filminin rejissoru kimi debüt edib.

Comments are disabled