19-20 fevral 2022-ci il tarixdə İsveçin Stokholm şəhərində onlayn formatda “AURORA” ifaçılıq və bədii sənət üzrə II beynəlxalq müsabiqə-festivalı keçirilib.
Müsabiqədə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbə və şagirdləri 2 nominasiya üzrə çıxış ediblər. Xalq artisti Yusif Qasımovun quruluşunda BXA-nın orta ixtisas (kollec) təhsil pilləsinin tələbələrindən ibarət “Bakının ulduzları” rəqs ansamblı milli rəqs nominasiyasında, əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluşunda tam orta təhsil pilləsinin şagirdləri Əmirsalamova Şirin, Bernadina Liana, Dəmirova Leyla klassik rəqs nominasiyasında iştirak ediblər.
Klassik rəqs nominasiyasında “Amurlar”, “Pyatsekato” əsərləri ilə çıxış edən Bernadina, Əmiraslanova və Dəmirova I dərəcəli laureat, “Cəngi” və “Cıdır düzü” rəqs nömrələri ilə müsabiqəyə qatılan akademiyanın “Bakının ulduzları” rəqs ansamblı isə müsabiqənin “Grand-Prix” mükafatına layiq görülüb.
Müsabiqədə Azərbaycanı yalnız Bakı Xoreoqrafiya Akadmiyası təmsil edib. Müsabiqədə Rusiya, Norveç, Belorus, Niderland, Tatarıstan, Özbəkistan, İsveç, Finlandiya, Fransa kimi ölkələrdən (ümumilikdə 18 ölkədən) iştirakçı qatılıb.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi yaxın və uzaq xarici ölkələrlə mədəni əlaqələrin inkişafı, möhkəmləndirilməsi, iştirakçılar arasında onlayn formatda ünsiyyət üçün yaradıcı mühitin yaradılması, onlayn formatda qarşılıqlı əlaqə, təcrübə mübadiləsi üçün şəraitin yaradılmasıdır.