Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırım”ı adlı tədbir keçirilib.

Tədbirdə BXA-nın tədris işləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yeganə Tapdıqova, Elm və yaradıcılıq işləri üzrə prorektor, dosent Elmira Pənahova, orta ixtisas təhsil pilləsinin (kollec) direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, BXA-nın elmi katibi Həbibə Məmmədova və akademiyanın tələbə-müəllim heyəti iştirak edib.

Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Sonra Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra BXA-nın orta təhsil pilləsinin direktoru Tahir Eynullayev tədbiri giriş sözü ilə açaraq, bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən törədilmiş, üstündən 30 il keçsə də, Azərbaycan tarixinin ən faciəli anılarından olan Xocalı qətliamı yaddaşlarımızdan heç zaman silinməyəcək:

“Xocalıda baş verənlər, təkcə Azərbaycana qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb”.

Tədbirdə orta ixtisas təhsil pilləsinin I və II kurs tələbələri – Əzimova Rafiqə, Zamanova Sona, Aslanova Dilarə, Bağırzadə Kamilə, Sadıqova Nərmin, Cəfərli Aybəniz, İbrahimli Zərifə, Əskərova Mədinə və Rəsulova Nəzrin çıxış edərək, məruzələrində həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətlərindən bəhs ediblər.

Qeyd olunub ki, özlərini sülhsevər xalq kimi təqdim edən, lakin əslində qaniçən, qəsbkar bir millətin üzvləri olan erməni ideoloq-yazıçıları: Zori Balayan “Ruhumuzun dirçəlişi”, David Xerdiyan “Xaç uğrunda” adlı kitablarında öz etirafları ilə Xocalıda törətdikləri vandallığı sevinc və qürurla böyük bir qəhrəmanlıq nümunəsi kimi yazıblar.

Tələbələrin məruzəsinin ardınca “Xocalı soyqırım”ından bəhs edən sənədli kadrlar nümayiş etdirilib.