Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “VIII Beynəlxalq Musiqi və Rəqs” konqresinin koordinatorları Sakarya Universitetinin dosenti Dr. Kürşad Gülbəyaz və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Həbibə Məmmədova ilə görüş keçirilib.

Görüşdə BXA-nın Bədii rəhbəri,rektor vəzifəsini müvəqqəti icra edən,Əməkdar artist Nailə Məmmədzadə, Xarici əlaqələr üzrə prorektor Təranə Muradova, Elm və yaradıcılıq işləri üzrə prorektor Elmira Pənahlı, orta ixtisas təhsil pilləsinin direktoru Tahir Eynullayev, İncəsənət fakültəsinin dekanı Sənan Hüseynli və Tədris şöbəsinin müdiri Yeganə Taptıqova iştirak ediblər.

Görüş zamanı Bakıda keçiriləcək konqres barədə ətraflı müzakirələr edilib. Hər iki tərəf konqresin təşkilati məsələlərini, xoreoqrafiya sənətinə töhfəsini, eləcə də ölkələr arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə təsiri barədə fikir mübadiləsi aparıb. BXA-a rəhbərliyi konqresin yüksək səviyyədə təşkil edilməsi üçün akademiyanın üzərinə düşən vəzifəni layiqincə icra edəcəyini bildirib.

Görüş ərəfəsində BXA nümayəndələri və Sakarya Universitetinin dosenti Dr. Kürşad Gülbəyaz arasında gələcək davamlı əməkdaşlıq barədə də fikir səsləndirilib. Tərəflər yaxın gələcəkdə musiqi və rəqsi birləşdirən yeni layihələr üzərində də əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, sabahdan etibarən Bakıda 3 gün davam edəcək “VIII Beynəlxalq Musiqi və Rəqs” konqresi keçiriləcək.