Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görkəmli publisist, naşir, pedaqoq, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə BXA-nın idarə heyəti, müəllimləri, Milli Azərbaycan Tarix Muzeyinin, AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin, M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları, tənqidçilər, xalçaçı rəssamlar, eləcə də F. Nemanzadənin qardaşı nəvəsi Çingiz Nemanzadə iştirak edib.
Tədbirin əvvəlində Ömər Faiq Nemanzadənin nəticəsi Ülviyyə Pepinovanın video çıxışı nümayiş olunub.
Daha sonra dəyirmi masa ətrafında “Ömər Faiq Nemanzadə irsi Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasında”, “Ö. F. Nemanzadənin publisistikasında milli məsələlər”, “Ö. F. Nemanzadə və “Molla Nəsrəddin” jurnalı”, “Ö. F. Nemanzadənin publisistik fəaliyyətində (“Qardaş köməyi” dərgisi əsasında) türkçülük ideologiyası”, “Ö. F. Nemanzadənin pedaqoji fəaliyyəti”, “Ö. F. Nemanzadənin yaradıcılığında ana dili məsələləri” kimi mövzulara toxunulub.
Tədbir çərçivəsində Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyası əsasında hazırlanmış Ö. F. Nemanzadənin şəxsi, ailəvi, dost, həmkar və tələbələri ilə çəkilmiş fotoalbomunun təqdimatı olub.
Sonda isə BXA rəhbərliyi tərəfindən dəyirmi masa iştirakçılarına təşəkkürnamə təqdim olunub.