Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin “Ermənilərin saxtalaşdırdığı Azərbaycan xalq rəqsləri” mövzusunda elmi-nəzəri seminarı keçirilib.
Seminarda BXA-nın rəhbərliyi, BMA-nın nümayəndə heyəti, Nəsimi rayon YAP Təşkilatının sədri və əməkdaşları ilə yanaşı, media nümayəndələri, akademiyanın müəllim-tələbə heyəti iştirak edib.
Seminarda qeyd olunub ki, bu gün dünyanın hər yerində ermənilər ifa etdikləri Azərbaycan mahnı və rəqs havalarının musiqisini erməni folkloru kimi təqdim edirlər:
“Sovet dönəmindən üzü bəri “Uzundərə”, “Yaylığım”, “Tərəkəmə”, “Fincan”, “Köçəri”, “Cangülüm”, “Ceyranım”, “Mirzəyi”, “İnnabı” və bir çox rəqs havalarını öz adlarına çıxararaq, kitablar nəşr etdiriblər. Biz də tarixi faktlara söykənərək, bu kimi musiqilərin və rəqs havalarının Azərbaycan musiqisi ladlarına xas olduğunu sübuta yetiririk. Bu gün erməni toylarında və bayramlarında səsləndirilən mahnı və rəqs havalarının demək olar, çox hissəsini Azərbaycan xalq musiqisinin nümunələri, qalan hissəsini isə Ərzurum, Qars, tatar musiqiləri təşkil edir. Özlərinin isə bir xalq olaraq, heç bir musiqi ladı yoxdur”.
Eyni zamanda, bir neçə qədim Azərbaycan xalq rəqs havalarının audio və video yazısı nümayiş etdirilərək, onların nota alınma tarixi haqqında geniş və ətraflı məlumat verilib.
Sonra BXA-nın tələbələrinin ifasında “Çal, oyna” və “Bayannur” (Yallı) qədim Azərbaycan xalq rəqsləri nümayiş edilib.