Aprelin 15-dən 19-dək Quba şəhərində yerləşən Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Kreativ gənclər III” düşərgəsi təşkil olunub.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən düşərgə gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların asudə vaxtının səmərəli təşkili və yeni bilik və bacarıqlar əldə etməsi məqsədi daşıyıb.
Düşərgədə ümumilikdə 130 nəfər tələbə iştirak edib. İştirakçılar sırasında Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin tələbələri də yer alaraq müxtəlif fəaliyyətlərdə fəallıq nümayiş etdiriblər.
Proqram çərçivəsində tələbələr üçün müxtəlif təlimlər, komanda quruculuğu oyunları və yaradıcılıq yönümlü tədbirlər təşkil olunub.
Düşərgənin sonunda bütün iştirakçılar təşkilatçılar tərəfindən sertifikatlarla təltif olunublar.







