Hörmətli professor-müəllim heyəti və əziz tələbələr,
Sizi 29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Rəqs incəsənəti insanın daxili aləmini, duyğularını və estetik dünyagörüşünü ən incə çalarları ilə ifadə edən, böyük zəhmət, iradə və fədakarlıq tələb edən nadir sənət növlərindən biridir. Bu sənətə könül verən hər bir insan yalnız texniki bacarıq deyil, həm də yüksək mənəvi dəyərlər, səhnə mədəniyyəti və yaradıcı təfəkkür formalaşdırır.
Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim heyəti milli və dünya rəqs irsinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm və şərəfli missiyanı layiqincə yerinə yetirir. Əziz tələbələr isə bu zəngin ənənələrin davamçıları olaraq, öz istedadları və zəhmətləri ilə ölkəmizin mədəni həyatına yeni töhfələr verməkdədirlər.
İnanıram ki, hər biriniz peşənizə bəslədiyiniz dərin sevgi, qətiyyət və zəngin yaradıcılıq potensialınız sayəsində Azərbaycan rəqs sənətinin tərəqqisinə bundan sonra da əhəmiyyətli töhfələr verəcək, milli mədəniyyətimizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edəcəksiniz.
Bu əlamətdar gün münasibətilə hər birinizə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, ruh yüksəkliyi və uğurlar arzulayıram. İnanıram ki, fəaliyyətinizin bəhrəsi olaraq yetişən gənc nəsil ölkəmizin mədəni irsini qoruyaraq onu daha da zənginləşdirəcək və uğurla gələcək nəsillərə ötürəcəkdir.

