Oktyabrın 26-da Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının nümayəndələri arasında görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində dövlət başçısının qurultaydakı çıxışını əks etdirən videoçarx, eləcə də Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin “Azərbaycan” şeirini səsləndirdiyi video kadr nümayiş etdirilib.
Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə, YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BXA-nın professoru Həbibə Məmmədova və Akademiyanın magistr tələbəsi Cəmilə Məmmədova çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında diqqətə çatdırdığı Azərbaycanın inkişaf prioritetləri, ərazi bütövlüyünün və suverenliyin mühafizəsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də milli-mənəvi dəyərlərin qorunması məsələlərinə toxunulub.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi mühüm tarixi əhəmiyyət daşıyır.
Müzakirələr zamanı dövlətçilik ənənələrinin qorunmasının, gənc nəslin milli dəyərlər əsasında yetişdirilməsinin, həmçinin ölkənin gələcək inkişafında təhsilin və mədəniyyətin rolunun vacibliyi vurğulanıb.
Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

