T2

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Tədbirdə BXA-nın Tədris işləri üzrə prorektoru və rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, İnzibati-təsərrüfat işləri üzrə prorektor, Əməkdar artist Fərid İbrahimov, Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, elmi katib, dosent Həbibə Məmmədova, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahir Eynullayev, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, kafedra və şöbə müdirləri, akademiyanın müəllim-tələbə heyəti ilə yanaşı, Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov, Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist İlham Nəzərov və Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, görkəmli bəstəkar Faiq Sücəddinov iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayev açaraq, qonaqları və iştirakçıları salamlayıb.

T. Eynullayev ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycan dövləti tarixində elm, təhsil, mədəniyyət sahələrinin inkişafında oynadığı mühüm rolu barədə məlumat verib.

Daha sonra çıxış edən rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi xüsusi qayğısına diqqət çəkib:

“Xalqımız ulu öndərin Azərbaycan dövləti qarşısında göstərdiyi xidmətləri hər zaman ehtiramla yad edir. Ümummilli liderimiz deyirdi ki, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Ona görə də ulu öndərin hakimiyyət illərində Azərbaycan mədəniyyətinin inkişafı diqqət mərkəzində olub”.

Tədbir çərçivəsində ulu öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən BXA-nın Xarici əlaqələr üzrə prorektoru Təranə Muradova, YAP-ın Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov, Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru Gülnaz Abdullazadə, Xalq artisti, bəstəkar Faiq Sücəddinov, BXA-nın Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan xalqının ictimai-siyasi həyatında, eləcə də elm və incəsənət nümayəndələrinə göstərdiyi əvəzolunmaz qayğı və xidmətlərindən geniş söz açıblar.

Qeyd olunub ki, bu gün ulu öndərin siyasi kursunu onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir.

Tədbirin sonunda Əməkdar artist İlham Nəzərov tərəfindən M. Maqomayevin “Azərbaycan” mahnısı və Xalq artisti, bəstəkar Faiq Sücəddinov tərəfindən ulu öndərin şərəfinə bəstələdiyi “Heydər Əliyev – 100 yaş” musiqi kompozisiyası fortepianoda ifa edilib.

Tədbir “Sən elə bir zirvəsən” mahnısının müşayiəti ilə yekunlaşıb.

Tədbir yekunlaşdıqdan sonra Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana-informasiya mərkəzinin müdiri İradə Ağayeva tərəfindən hazırlanmış və ümummilli lider Heydər Əliyevə həsr olunmuş sərgi nümayiş edilib.

Comments are disabled