Şuşada Meksikanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbələrinin çıxışı Meksika Səfirliyi tərəfindən yüksək qiymətləndirilib. Bununla əlaqədar Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyeronun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub.
Qonaqlar Akademiyanın rəhbər heyəti ilə görüşərək qarşılıqlı əməkdaşlıq imkanları və gələcəkdə həyata keçirilə biləcək birgə layihələr barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı Şuşada keçirilən tədbirdə BXA tələbələrinin təqdim etdiyi rəqslər yüksək qiymətləndirilib, akademiyaya mədəni əməkdaşlığa verdiyi töhfəyə və tədbirdə fəal iştirakına görə təşəkkür ifadə olunub.
Səfirlik tərəfindən Bakı Xoreoqrafiya Akademiyasına simvolik hədiyyələr və Təşəkkürnamə təqdim edilib. Eyni zamanda, Şuşada keçirilən tədbirdə rəqs nömrələri ilə çıxış edən BXA tələbələrinə də Təşəkkürnamələr təqdim olunub.
BXA rəhbərliyi də öz növbəsində göstərilən diqqətə və yüksək qiymətləndirməyə görə Meksika Səfirliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Şuşada Meksikanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Vüsalə Babayeva və tələbələri “Las Alazanas” və “Jarabe Tapatío” rəqslərini təqdim ediblər. Rəqslərin quruluşunu Vüsalə Babayeva verib.

