Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Günü münasibətilə “Vətən Müharibəsi Qəhrəmanı» ordeni ilə, həmçinin “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş,

baş gizir Yaşar Hüseynovla görüş keçirilib.

Görüşdə BXA-nın tam orta tərsi pilləsinin direktoru, müəllim və şagird kollektivi iştirak edib.

Öncə Azərbaycan Dövlət Himni səsləndirilib. Daha sonra geniş auditoriya üçün “Şuşa, sən azadsan!” filmi nümayiş olunub.

Görüş çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov 2014, 2017 və 2020-ci illərdə Qarabağ müharibələri zamanı iştirak etdiyi döyüş əməliyyatlarından geniş söhbət açıb.

Söhbət əsnasında məlum olub ki, 2020-ci il 27 sentyabr tarixində başlanan 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Cəbrayıl, Füzuli rayonlarının və Şuşa şəhərinin azad olunmasında xüsusi qəhrəmanlıq göstərmiş Y. Hüseynov düşmənin saysız-hesabsız sayda həm canlı, həm də ağır hərbi texniki qüvvələrini məhv edib sıradan çıxarıb.

Qürurverici haldır ki, əsl azərbaycanlı olduğunu təkcə arzularında deyil, əməlində də həyata keçirən qəhrəmanımız ən böyük arzusunu gerçəkləşdirərək, Azərbaycanın üçrəngli bayrağını Şuşa şəhərinin Duma binasının üzərində sancıb.

O qeyd edib ki, düz 28 il sonra ilk dəfə Şuşa şəhərində azan oxunub:

«Şuşanın azad edilməsi uğrunda döyüşə qatıldığımız zaman, təbii ki, canlı itkilərimiz oldu. Amma əldə etdiyimiz qələbə ilə şəhidlərimizin qanını yerdə qoymadıq. Vətən bizə əcdadlarımızdan mirasdır. Onu göz bəbəyimiz kimi qorumağa, lazım gələrsə, yolunda canımızdan keçməyə hər zaman hazırıq!».

Yaşar Hüseynovun qəhrəmanlıq yolu müəllim və şagirdlər tərəfindən böyük qürur və maraqla qarşılanıb.