Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyasının dəstəyi, Bakı Xoreoqrafiya Akademiyasının və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının  birgə hazırladığı Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı musiqili tədbir keçirilib.

Tədbirdə  BXA-nın rəhbərliyi, Mədəniyyət nazirliyinin nümayəndələri, YAP Nəsimi rayon təşkilatının sədri və üzvləri, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının heyəti, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri, ictimai fəallar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Ardınca isə teatrın aktyorları Xalq şairi Səməd Vurğunun “Azərbaycan” poemasından, həmçinin Heydər Əliyevə həsr olunmuş şeirlər  səsləndiriblər, Bakı Xoroeqrafiya Akademiyasının tələbələrinin ifasında isə “Küçələrə su səpmişəm”, “Alagöz”, “Yeddi gözəl”, “Ay Laçın”, “Azərbaycan”,  “Qarabağ şikəstəsi”, “Mən azərbaycanlıyam”, “Cəngi” və s. əsərlər təqdim olunub.

Qeyd edək ki, tədbirin rejissoru Əməkdar artist Nicat Kazımov olub. Konsert müddətində Leyla Əliyevanın, Zəlimxan Yaqubun, Rafiq Yusifoğlunun, Elvin Elxanoğlunun, Qabil Ədalətin, Həsən Şirinovun, Zəminə Bayramovanın, Elşad Baratın şeirlərindən, Üzeyr Hacıbəylinin, Hacı Xanməmədovun, Eldar Mansurovun bəstələrindən istifadə olunub.

Konsert böyük maraqla qarşılanıb.