Özbəkistan Respublikası Daşkənd vilayəti Mədəniyyət şöbəsi təlim müəssisələrinin əməkdaşları Tahirova Xabiba, Artikova Umida, Nurmatova Gülnarə, Mardieva Valeriya, Kamalova Şaxnoza, Namazov Muattar, Xasanbaeva Zuxra, Narbaev Şukurdjan, Axundov Şarofiddin və Yusupov Qanijon Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub.
Qonaqları qarşılayan BXA-nın rəhbərliyi çoxpilləli təhsil müəssisəsi olan akademiyanın yaranma tarixi, strukturu, fəaliyyəti barədə məlumat verib.
Eləcə də oxşar adətləri olan Azərbaycan-Özbəkistan xalqlarının uzun əsrlərdən bəri davam edən mehriban dostluq münasibətlərindən və dövlət tədbirlərində iki xalqın qarşılıqlı səmərəli tərəfdaşlıq əlaqələrindən söz açılıb.
Görüş zamanı birgə aparılan əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi edilib.
Görüşdə həmçinin mədəniyyət beşiyimiz olan Şuşada işğaldan azad olduqdan sonra aparılan abadlıq islahat işlərindən və həmin məkanda hər ilin may ayında keçirilən «Xarıbülbül» beynəlxalq musiqi festivalı haqqında söhbət açılıb.
Qonaqlar milli və klassik rəqs fənlərinin tədrisi prosesini izləyib, sinif otaqları, geniş məşq zalları və akademiyanın daxili, eləcə də xarici infrastrukturu ilə tanış olublar.