Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsil pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev  Qırğızıstanda keçirilən «IX Beynəlxalq musiqi və rəqs konqresi» çərçivəsində Bişkek Xoreoqrafiya Akademiyasının tələbələrinə ustad dərsləri keçib.

Ustad dərslərindən öncə T. Eynullayev tələbələrə və Bişkek Xoreoqrafiya Akademiyasının müəllim heyətinə BXA-nın yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verib. Sonra isə  Tahir Eynullayev Türkiyə  nümayəndəsi, konqresin rəhbəri Kurşad Gülbeyaz ilə  tələblərə birgə ustad dərsi keçiblər.

Növbəti gün Tahir Eynullayev Qırğızıstan Dövlət mərkəzi kitabxanasının zalında Azərbaycan Xalq rəqsi «Yallı» barədə məlumat verib, rəqsin yaranma tarixindən danışıb. Ardınca onlara «Yallı» rəqsini keçib. Ustad dərsinə tələbələrdən əlavə konqresə qatılan müxtəlif ölkələrin nümayəndələri də qoşulub.

Aprelin 25-də isə Tahir Eynullayev Qırğızıstan Dövlət Filarmoniyasının səhnəsində Qala konsertdə çıxış edərək, Xalq artisti Xumar Zülfüqarovanın quruluş verdiyi «Məzəli» rəqsini ifa edib.