Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının “Xoreoqrafiya” fakültəsinin dekanı, “Kurmet” ordeni kavaleri Aytolkin Turginbayeva Bakı Xoreoqrafiya Akademiyasında (BXA) qonaq olub.
Səfər çərçivəsində Aytolkin Turginbayeva akademiyanın rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı iki təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, xoreoqrafiya təhsilinin müasir tendensiyaları, tələbə və müəllim mübadiləsi, həmçinin birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qonaq həmçinin Bakı Xoreoqrafiya Akademiyasında keçirilən dövlət imtahanlarında komissiya heyətinin sədri qismində iştirak edib.
Eyni zamanda, səfər proqramı çərçivəsində A.Turginbayeva akademiyanın tələbələri üçün klassik rəqs üzrə ustad dərsi də keçib. Ustad dərsi zamanı o, klassik rəqs texnikasının incəlikləri, ifaçılıq mədəniyyəti və peşəkar səhnə hazırlığı ilə bağlı təcrübəsini bölüşüb, tələbələrə metodiki tövsiyələr verib.

