Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib.
Mərasimdə təqdim olunan 2 hissədən ibarət rəqs kompozisiyasının quruluşçu xoreoqrafı və baş baletmeysterləri Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova və İncəsənət fakültəsinin dekan müavini, Əməkdar artist Gülməmməd Şahverdiyevdir.
Quruluş verilmiş rəqslərin motivi kainat ünsürləridir. I hissədə təqdim edilən rəqslərdə tarixi qədim daş dövrünə gedib çıxan, Azərbaycanın yaşayış məskəni Qobustan qayaları, dahi filosof-alimlərimiz Nizami Gəncəvi və Nəsrəddin Tusinin kosmoqonik baxışlarını əks etdirən meyarlar öz təcəssümünü tapıb.
Kainatın 4 ünsürdən: od, su, torpaq və havadan yaranması konsepsiyasına əsasən quruluş verilmiş rəqs kompozisiyalarında ifaçıların mükəmməl rəqs elementləri vasitəsilə zaman, məkan və onların bütün tərkib hissələri özünün vəhdət şəkildə ifadəsini tapmışdır.
2-ci hissədə isə rəqs sənəti bir sıra musiqi janrlarını: rok, klassik, muğam və cazı özündə birləşdirərək, kosmos ilə sıx əlaqəsini göstərir.
Qeyd edək ki, rəqsləri Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Azərbaycan Dövlət Rəqs Ansamblı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının heyəti ifa edib. Rəqs kompozisiyaları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.