Bakı Xoreoqrafiya Akademiyası Bakı Dövlət Universitetində keçirilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında öz stendi ilə çıxış edib.
Tədbirin açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında “Cəngi” rəqsi ifa olunub. Rəqsin quruluşçu xoreoqrafı, Xalq artisti Yusif Qasımovdur.
Bakı Xoreoqrafiya Akademiyasının stendində xoreoqrafiya sahəsinə aid kitablar və jurnallar, eləcə də rəqs hərəkətlərini əks etdirən əsərlər nümayiş edilib. Tədbir ərzində ziyarətçiləri maraqlandıran suallar Kitabxana-informasiya Mərkəzinin müdiri İradə Ağayeva və baş kitabxanaçı Təranə Qurbanova tərəfindən cavablandırılıb. Stend ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tədbir Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçirilib.