Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu artıq başa çatıb. Vindzor Kral Atçılıq Şousunda ölkəmizi Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib. Onlarla yanaşı şouda hər zaman olduğu kimi çıxışları ilə sonsuz tamaşaçı rəğbəti qazanan, milli geyimləri ilə göz oxşayan Bakı Xoreoqrafiya Akademiyasının bakalavr və orta ixtisas təhsili pilləsinin tələbələrinin də möhtəşəm çıxışı yadda qalıb.
Cari ildə 80 yaşını qeyd edən bu tədbir üçün nümayəndə heyətimiz tərəfindən xüsusi şou-kompozisiya hazırlanıb.
Kompozisiyanın əsasını Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil edib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu xoreoqrafı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Əməkdar artist Fərid İbrahimovdur.