Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
BXA-nın tam orta təhsil pilləsinin ibtidai siniflərində – Azərbaycan və rus bölmələrində türk xalqlarının milli bayramı olan Novruzun gəlişi münasibətilə yüksək səviyyədə təşkil olunmuş və ard-arda keçirilən tədbirlərdə şagirdlər Azərbaycan xalqının çoxəsrlik folklor nümunələrindən atalar məsəlləri, tapmacalar, xalq deyimləri, hakıştalar söyləyiblər. Onların ifasında nümayiş olunan şeirlər, səhnəciklər və rəqslər tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.
Tədbirə Novruz bayramının personajları olan Kosa və Keçəl xüsusi maraq qatıblar. Kosa və Keçəlin atmacalı zarafatları, satirik dialoqları, əyləncəli söhbətləri uşaqların sevincinə səbəb olub.
Tədbir müəllim və şagird kollektivinin “Yallı” rəqsini birgə şəkildə ifası ilə sona çatıb.
Qeyd edək ki, tədbirin təşkilatçısı BXA-nın tam orta təhsil pilləsinin müəllimi Lalə Qafarovadır.