Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Uşaq Hüquqları Konvensiyası Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə BXA-nın tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, direktor müavinləri: Kamilə Əliyeva, Samirə Əliyeva, BXA-nın elmi katibi, dosent Həbibə Məmmədova, akademiyanın müəllim-şagird heyəti iştirak edib.
Azərbaycan Dövlət himninin səslənməsi ilə başlayan tədbiri BXA-nın Uşaq Birliyinin rəhbəri Xatirə Tahirova açaraq, keçirilən tədbirin mahiyyəti barədə geniş məlumat verib.
Bildirilib ki, bu gün Azərbaycanda cəmiyyətin gələcək inkişafı üçün uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir:
“Uşaq hüquqlarının müdafiəsi ilə bağlı respublikada keçirilən silsilə tədbirlərin məqsədi uşaqlara diqqətin artırılması, hüquqlarının qorunmasıdır”.
Tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova da çıxış edərək qeyd edib ki, uşaqlar Azərbaycanın gələcəyidir:
“Ölkəmizin gələcəyi uşaqların əlindədir. Onları qorumaq və müdafiə etmək bizim hər birimizin borcudur. Uşaq Hüquqları Konvensiyası Günü münasibətilə şagirdlərimizi bir daha təbrik edir, dərslərində uğurlar arzulayıram”.
Daha sonra isə tədbirdə tam orta təhsil pilləsinin şagirdlərinin ifasında müxtəlif rəqs kompozisiyaları ifa edilib, şeirlər səsləndirilib.