Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin Milli və müasir rəqs kafedrasının təşkilatçılığı ilə Xalq artisti Tamilla Eldarovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi və müəllim-tələbə heyəti iştirak edib.
Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova iştirakçıları salamlayaraq, ilk sözü yubilyara verib.
Tamilla Eldarova hamıya dərin təşəkkürünü bildirərək, tədbir iştirakçılarına öz sənət fəaliyyəti haqqında və keçdiyi keşməkeşli yolların şirin xatirələrini bölüşüb.
Yubilyarı təbrik edənlər bildiriblər ki, T. Eldarova bütün həyatını həsr etdiyi rəqs sənətini sevə-sevə ifa edib və xarici qastrollarda Azərbaycanı layiqincə təmsilı edib:
“O, sanki səhnə üçün yaranıb. Onun ilahi gözəlliyi səhnəyə başqa bir gözəllik verirdi. Azərbaycan xalq rəqslərinin məharətli ifaçısı olan peşəkar rəqqasənin ifası ilə möhürünü vurduğu “Tərəkəmə”, “Nəlbəki”, “Nazeləmə”, “Lənkəran” və s. kimi lirik və məzəli Azərbaycan xalq rəqslərinin nümunələri bu gün gənc tələbələr üçün bir məktəbdir”.
Tədbirdə İncəsənət fakültəsinin tələbələrinin ifasında nümayiş etdirilən “Gözəlim sənsən”, “Nazeləmə”, “Nəlbəki” rəqsləri iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.