Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbələrinə Rusiya Federasiyasının və Kalmıkiya Respublikasının Əməkdar artisti, “Rəqsin qəlbi” mükafatının laureatı, rejissor-xoreoqraf Ramil Mehdiyev tərəfindən Xalq səhnə rəqsləri üzrə ustad dərsləri keçirilib.
Ustad dərsində BXA-nın rəhbərliyi, eləcə də müəllim heyəti iştirak edib.
R. Mehdiyev ustad dərsləri müddətində tələbələrə rəqs duruşunun incəliklərini və rəqsdə icra olunan əl və ayaq hərəkətlərini nümayiş etdirib.
Eyni zamanda, o, dəzgah qarşısında tələbələrlə birgə müvafiq rəqs hərəkətlərini icra edib. Dərs zamanı tələbələrə xoreoqrafiya sənətinin sirləri barədə danışılıb, səhnədə icra edilən vacib elementlərlə bağlı tövsiyələr verilib.
Ustad dərsləri BXA-nın rəhbərliyi, müəllim və tələbə heyəti tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, R. Mehdiyev Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin 2025-2026-cı tədris ilinin buraxılış hesabat konserti üçün Moldova rəqsinə quruluş verib.


