Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Od çərşənbəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-şagird heyəti və akademiyada ustad dərsləri keçən, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının Xoreoqrafiya pedaqogikası kafedrasının müəllimləri – Özbəkistanın Əməkdar artisti, “Navbahor” Mahnı və Rəqs ansamblının bədii rəhbəri, dosent Gülmira Madrahimova Ulmasjanova və Özbəkistan Dövlət Mükafatı laureatı Şerzod Kenjebaev Alieviç iştirak edib.
Tam orta təhsil pilləsinin şagirdləri Novruz bayramının əsas personajları olan Bahar qızı və Kosa qismində maraqlı epizodlarla çıxış edib, o cümlədən, Novruz bayramı haqqında şeir nümunələri səsləndirib, hakıştalar deyiblər.
Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri də təqdim edilərək, milli-mənəvi dəyərlərimiz barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbir bayram əhval-ruhiyyəsi ilə yekunlaşıb.