Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi və müəllim-şagird heyəti iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.
Tam orta təhsil pilləsinin şagirdlərinin ifasında nümayiş etdirilən “Popuri mahnılar”, Azərbaycanın görkəmli şairlərinin ana dilimizə həsr olunmuş — “Ana dilim”, “Öz şirin dilim”, Doğma dilim” və s. şeir nümunələri, “Bir də mən sevirəm…” rəqs kompozisiyası, Ana dilimizin saflığını xarici dillərdən gələn yad kəlmələrdən qorumaq, uşaqlarımıza sevdirmək məqsədi daşıyan səhnəciklər, dahilərin dil haqqında söylədiyi kəlamlardan çəkdikləri sitatlar tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.
Tədbirdə həmçinin Beynəlxalq Ana Dili Gününün yaranma tarixi haqqında geniş məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan dili dərin tarixi köklərə malikdir:
“Hər bir xalqın öz ana dili insanın mənəvi aləminin zənginləşməsində, onun mükəmməl təhsil almasında, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır”. Şagirdlər kollektiv şəkildə “Ana dilim” mahnısını da ifa ediblər. Eyni zamanda, tədbir ərzində nümayiş etdirilən videoçarxlarda Ümummilli lider Heydər Əliyevin xalqımızın milli sərvəti adlandırdığı ana dilimizin saflığının qorunmasına xidmət edən kəlamları əks olunub.