Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 2025/2026-cı tədris ili üzrə Məzun günü keçirilib.
Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti, mədəniyyət xadimləri, təhsil ocağının məzunları və valideynlər iştirak ediblər.
Tədbir əvvəlcə Dövlət Himninin səsləndirilməsi, ardından isə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra tədbirdə açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, əməkdar artist Nailə Məmməd-zadə isə çıxışında akademiyanın məzunlarının Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verəcəyini bildirib, onlara peşəkar fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Digər qonaqlar da çıxışlarında məzunlara xoş arzularını çatdırıblar. Rəsmi hissədən sonra Məzun Günü bədii proqramla davam edib. BXA-nın məzunları və tələbələri tərəfindən təqdim olunan müxtəlif rəqs nömrələri maraqla qarşılanıb. Məzun Günü ənənəvi papaq atma mərasimi ilə davam edib. Tədbir tanınmış müğənni Azad Şabanovun ifasında musiqi nömrələrinin səsləndirilməsi ilə başa çatıb.

