Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin Milli və müasir rəqs, Baletmeyster sənəti, Klassik rəqs və Musiqi sənəti kafedralarının birgə təşkilatçılığı ilə “Kəlağayı – ismət və gözəllik rəmzi” başlığı altında tədbir keçirib.
Tədbirdə BXA-nın idarə heyəti, müəllim və tələbə kollektivi iştirak edib.
Tədbirdə Azərbaycan qadınlarının tarixən gözəllik, ismət, ehtiram, ləyaqət rəmzi daşıyan baş örtüyü olan kəlağayının özəlliklərindən söhbət açılıb.
Eyni zamanda, tədbirdə bir neçə nömrədən ibarət monoloq, rəqs və musiqi çələngi İncəsənət fakültəsinin tələbələrinin ifasında nümayiş olunub.
Təqdim olunan “Fantaziya” (Ü. Hacıbəylinin əsərləri əsasında), “Bayram rəqsi”, “Gözəlim sənsən”, Ə. Bədəlbəylinin “Qız qalası” baletindən fraqment, “Oyanmış miniatürlər”, T. Quliyevin “Zibeydə”, Ü. Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından rəqs nömrəsi və “Azərbaycan” musiqili kompozisiyası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.